HESABAT| Avropanın ABŞ-siz özünü müdafiə edə bilməsi üçün nə qədər əsgərə ehtiyacı var?

2025/03/1740980377.jpg
Oxunub: 656     11:47     05 Mart 2025    
Bruegel araşdırma mərkəzi və Kiel İnstitutunun hazırladığı yeni birgə hesabatda NATO-nun “Moskvanın üç ildən on ilə qədər müddət ərzində hücuma hazır ola biləcəyi” iddialarına istinad edilərək Avropada Rusiya tərəfindən yeni bir hücumun “ehtimal edildiyi” xəbərdarlığı edilib.

Rəsmi məlumatlara görə, ABŞ-nin hazırda qitədə 80 mindən çox əsgəri var və mümkün hücum halında bu rəqəm ən az üç dəfə artırıla bilər.

Bununla yanaşı, son dövrdə transatlantik əlaqələrin zəifləməsi, xüsusilə Vaşinqtonun Ukrayna ilə bağlı razılaşma məsələsində Rusiya ilə aparılan danışıqlarda Avropa liderlərini kənarda saxlamasından sonra ABŞ-nin Avropadan geri çəkilə biləcəyi ilə bağlı narahatlıqları artırıb.

ABŞ-nin yeni dövlət katibi Marko Rubio geri çəkilmə ilə bağlı iddiaları rədd etsə də, Avropanın hərbi muxtariyyətinin artırılması ilə bağlı təzyiqlər davam edir.

Məcburi hərbi xidmət geri qayıdırmı?

Avropa ölkələrinin milli ordularının ümumi şəxsi heyəti təxminən 1,5 milyon nəfərdir ki, bu da ABŞ-nin Avropadakı hazırkı hərbi qüvvəsindən xeyli çoxdur.

Hesabatda bildirilir ki, ABŞ öz ordusunu geri çəksə, Avropaya əlavə olaraq təxminən 300 min əsgər və ya təqribən 50 briqada lazım olacaq.

Hesabatın müəlliflərindən Aleksandr Burilkov “Euronews”a açıqlamasında bildirib ki, bu əsgərlərin bir hissəsi məcburi hərbi xidmət yolu ilə cəlb ediləcək və ABŞ Milli Qvardiyasına bənzər böyük, yaxşı təlim keçmiş ehtiyat qüvvələrin yaradılması ilə dəstəklənəcək: “Avropanın hərbi qüvvələri koordinasiya və vahid komandanlıqdan məhrum olduğu üçün “mövcud şəxsi heyətin sayını və eyni zamanda sistemin çevikliyini artıracaq yeni sistem yaratmaq vacibdir”.

Baltikyanı ölkələrdə böyük bir quru qüvvəsinə ehtiyac var

Baltikyanı ölkələrə qarşı ehtimal edilən Rusiya hücumunun qarşısını almaq üçün Avropa ordusuna 1400 tank, 2000 piyadanın döyüş maşını, 700 artilleriya silahı və yüksək intensivlikli müharibənin ilk üç ayı üçün bir milyon ədəd 155 mm-lik mərmi lazım olacaq.

Bruegel-Kiel hesabatına görə, bu göstəricilər Fransa, Almaniya, İtaliya və Böyük Britaniya quru qoşunlarının ümumi döyüş gücünü aşır. Pilotsuz Uçuş Aparatlarının (PUA) istehsalı da Rusiyanın səviyyəsinə çatmaq üçün hər il təxminən 2000 ədədə çatdırılmalıdır.

Burilkov deyir: “Ruslar son iki ildə iqtisadiyyatlarını və cəmiyyətlərini ciddi şəkildə müharibə əsasına keçiriblər. Onlar Sovet dövründən qalan, Qızıl Ordunun həqiqətən böyük olduğu zamanlardan qalma çoxlu infrastruktur və avadanlıqdan istifadə edirlər.

“Onlar ildə 1500-dən çox tank, minlərlə zirehli texnika, yüzlərlə artilleriya qurğusu istehsal ediblər. Biz Avropa və Rusiya arasında nüvə silahına müraciət etmədən qarşılıqlı hərbi çəkindiricilik yarada biləcək balans yaratmalıyıq”, - deyə o əlavə edir.

ABŞ olsun ya olmasın, Avropanın hərbi potensialını gücləndirməyə ehtiyacı var

Avropa İslahatlar Mərkəzinin eksperti Luigi Skazzieri “Euronews”a bildirib ki, yalnız əsgər sayının artırılması kifayət etməyə bilər: “Amerikalılar getsə də, qalmaqda davam etsələr də, avropalılar müdafiə qabiliyyətlərini gücləndirməlidirlər”.

“Effektiv çəkindiricilik gücü yaratmaq üçün, xüsusilə ABŞ-yə ən çox ehtiyac duyduğumuz sahələrdə – uzaqmənzilli raketlər, havadan müdafiə, hava nəqliyyatı, hava kəşfiyyatı və təchizatı kimi – imkanları artırmaq lazımdır”, - deyə Skazzieri vurğulayıb.

Analitikə görə, birgə silah satınalmaları, ortaq silahlanma, vahid logistika və inteqrasiya edilmiş hərbi birliklər vasitəsilə Avropa müdafiə fəaliyyətlərinin ahəngləşdirilməsi vacibdir, lakin lazımi imkan və say mövcud olmadan bu yetərli olmayacaq.

Skazzieri real Avropa ordusunun yaradılması ehtimalına isə skeptik yanaşır: “Bu çox çətindir. Əsl Avropa ordusu deyil, daha çox avropalılardan ibarət ordu ola bilər”.

Fransanın nüvə qalxanı genişləndirilməli və Avropa Səma Qalxanı inkişaf etdirilməlidir

Lakin hər kəs Avropanın əsgər sayını artırmalı olduğu fikri ilə razılaşmır. “Euronews”a danışan müdafiə və xarici siyasət üzrə jurnalist Nikolas Qros-Verheyde bildirir: “1,5 milyon əsgər xidmətdədirsə, əlavə 300 min əsgərə ehtiyac yoxdur, onları doğru yerlərdə yerləşdirmək lazımdır”.

“Avropalılar NATO qüvvələrini Rusiyaya yaxın ölkələrdə rotasiya qüvvələrindən daimi hərbi bazalara çevirmək haqqında düşünə bilər. Məsələn, Rumıniyanın Konstansa şəhərində dəniz bazası, Polşa ilə Litva arasında Suvalki dəhlizi yaxınlığında isə quru qüvvələri bazası ola bilər. Moldovada, Dnestryanı bölgədə yerləşən rus qüvvələrinə qarşı əlavə hərbi varlıq planlaşdırmaq da faydalı ola bilər”, - deyə o qeyd edir.

Gros-Verheyde əlavə edir ki, Avropanın çəkindiriciliyini artırmaq üçün Fransa nüvə qalxanını genişləndirməlidir: “Eyni zamanda, Fransa Almaniya tərəfindən başlanan Avropa Səma Qalxanı layihəsinə qarşı müqavimətdən vaz keçməlidir. Bu iki təşəbbüs tam uyğun gəlir”.

Lakin Fransa hazırkı Avropa Səma Qalxanı planının Avropa xaricindən alınan texnologiya və avadanlıqlara həddən artıq söykəndiyini bildirərək layihəyə etirazını davam etdirir.

Almaniya Avropanın hərbi büdcəsini artırmaqda lider ola bilər

Bruegel-Kiel hesabatına görə, Avropanın silahlanmasını gücləndirmək üçün hərbi büdcəni ildə 125-250 milyard avro (ÜDM-in təxminən 3,5%-i) artırmaq lazımdır. Xərclərin artımı borc vasitələri ilə maliyyələşdiriləcək.

NATO-nun ABŞ-dan sonra ikinci ən iri iştirakçısı olan Almaniya bu büdcənin ən azı yarısını öz üzərinə götürməklə mühüm rol oynaya bilər və müdafiə xərclərini ildə 80 milyard avrodan 140 milyard avroya çatdırmalıdır.

Burilkov qeyd edir ki, bu əsasən Almaniyada keçirilən son ümumi seçkilərdən sonra formalaşacaq yeni hökumətdən asılı olacaq: “Berlinin mövqeyi aydınlaşdıqdan sonra Avropanın kollektiv fəaliyyəti üçün siyasi iradənin nə qədər güclü olduğunu görə biləcəyik”.

Avropada daha çox koordinasiya daha az hərbi xərc deməkdir

Hesabatda qeyd olunur ki, ilkin xərclərin artmasına baxmayaraq, koordinasiyalı Avropa yanaşması uzunmüddətli perspektivdə xərcləri azaldacaq.

“Daha böyük həcmdə sifarişlər istehsal proseslərini daha effektiv edəcək və vahid qiymətlərin azalmasına səbəb olacaq. Lakin tələbin ani artımı qısa müddətdə qiymətlərin yüksəlməsinə təbii ki, gətirib çıxaracaq”, - deyə hesabatda qeyd olunur.

Koordinasiyanın təmin olunmaması isə daha yüksək xərclər yaradacaq və fərdi səylər Rusiya ordusunu çəkindirmək üçün, çox güman ki, kifayət etməyəcək. Birgə hərbi satınalmalar üçün mövcud alətlərdən biri də EDIRPA (Avropa Müdafiə Sənayesinin Gücləndirilməsi Proqramı) proqramıdır. Bu proqram öz yerini 2025-ci ilin dekabrında Avropa Müdafiə Sənayesi Proqramına verəcək. Bu məqsədlə ayrılan büdcənin 1,5 milyard avro olacağı gözlənilir.

Lakin Avropa Hesablama Palatası bildirir ki, agentliyin nəzərdə tutulan hədəflərə çata bilməsi üçün daha böyük həcmdə maliyyə resursları ayrılmalıdır.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avropa   ABŞ   NATO  


Bizi "telegram"da izləyin